Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin yenidənqurma və bərpasından sonar açılışı olub

 

İyunun 25-də  Naxçıvan şəhərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Muzeyinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.

Açılış mərasimində Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov çıxış etmişdir. O demişdir ki, bu bina sovetlər dövründən əvvəl tikilmişdir. İlk vaxtlar bina Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji TexnikumTibb Məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulmuş və Heydər Əliyev xatirə otağı yaradılmışdır. Xatirə otağında ulu öndərin təhsil aldığı dövrə aid olan arxiv sənədləri, qiymət cədvəlləri və fotoşəkillər sərgilənir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Tədbirlər planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilmiş, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılmışdır. Eyni zamanda, muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılmış, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanmışdır.

Mərasimdə vurğulanmışdır ki, Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli yaşadığı torpağı sevən, onun təbiətinə vurğun bir insan idi. Onun əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. O, öz dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkmiş, portret janrında dəyərli əsərlər yaratmışdır. O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən "Qaçqınlar" silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir. Bəhruz Kəngərli muxtar respublika ərazisindəki tarixi abidələrin rəsmlərini çəkmişdir. Eyni zamanda rəssam öz əsərlərində erməni vəhşiliyi nəticəsində dağıdılan və ya bu günə gəlib çatmayan bir sıra tarixi abidələrin rəsmlərini də əks etdirmişdir.

Sağlamlıq imkanları məhdud olan sənətkar maddi çətinliklərə baxmayaraq, daim xalqına, Vətəninə xidmət etmişdir. Əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına kömək göstərən Bəhruz Kəngərli təkcə rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir.

Tədbir çərçivəsində Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloqun təqdimatı da olmuşdur.

Albom-kataloqda yer alan "İlanlı dağ", "Ağrı dağ", "Əshabi-Kəhf", "Nəhəcir dağı", "Qızlar bulağı şəlaləsi", "Dağ mənzərəsi", "Qara dəniz" və "Qaçqınlar" silsiləsinə daxil olan əsərlər yüksək bədii sənətkarlıq nümunələridir.

 

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 26 iyun.- S.10.